“Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsinin (AZ/15/ENP/OT/40) nəticələri

Line Spacing+- AFont Size+- Çap
14.09.2017

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 2017-ci ilin yanvar ayında rəsmi açılışı olan “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsi litvalı tərəfdaşlarla birgə həyata keçirilir. Layihə Azərbaycanda peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə verməyi qarşısına məqsəd qoymuşdur.

Layihənin əsas məqsədi dövlət qulluğu vəzifələrinin qruplaşdırılması, eləcə də dövlət qulluğuna qəbul, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi və əmək haqqı sisteminin modelini yaratmaqdır.

Vəzifələrin təsnifatı insan resurslarının idarəedilməsinin əsas hissəsi kimi qulluğa qəbul, əmək haqqı və təlim kimi məsələlərin həllində də böyük önəm daşıyır. O insan resurslarının idarəedilməsi prosedurlarını əlaqələndirən və ona təsir edən mərkəzi ox rolunu oynayır. Vəzifələrin təsnifatına ədalətli və şəffaf yanaşma peşəkar və yetkin dövlət qulluğu sisteminin yaradılmasını təmin edir.

Bunu nəzərə alaraq, Litvadan olan ekspertlər fəaliyyət sahəsi və vəzifələrin iyerarxik sistemdə yerini nəzərə almaqla dövlət qulluğu vəzifələrini qruplaşdıraraq dövlət qulluqçuları üçün bilik və bacarıqlar sistemi yaratmağı, müxtəlif qrup dövlət qulluqçuları üçün təhsil, iş təcrübəsi və digər tələblərin işlənib hazırlanması və vəzifə təlimatlarının yazılması üzrə hüquqi tənzimləmələrin hazırlanmasını təklif ediblər.

Litvalı ekspertlərin təklifləri praktiki şəkildə pilot qurumlarda – Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN), İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  həyata keçirilib. Pilot qurumların fəal iştirakı imkan verib ki, təklif edilən sistem daha da təkmilləşdirilsin. Pilot qurumların rəyinə əsasən vəzifələrin qruplaşdırılmasının həyata keçirilməsi mövcud sistemi daha aydın, şəffaf edəcək və vəzifə təlimatlarının hazırlanması da asan və obyektiv olacaqdır. 

Təklif edilən vəzifə təsnifatı sisteminin elementləri Dövlət İmtahan Mərkəzi tərəfindən “5-7-ci təsnifata aid vakant inzibati vəzifələrin tutulması üzrə ümumi şərtlər”ə dəyişikliklərin işlənib hazırlanması üçün istifadə edilmişdir.