24 aprel 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşları ADA Universitetində keçirilən Məşğulluq həftəsi layihəsinin bağlanış mərasimində iştirak ediblər və layihəyə verdiyi töhfəyə görə DİM mükafatla təltif olunub.
6 – 17 aprel tarixlərində keçirilən “Məşğulluq həftəsi” layihəsində universitetin müxtəlif fəaliyyət istiqamətləri üzrə tərəfdaş qurumlarının əməkdaşları tərəfindən tələbələrə 8 gün davam edən müxtəlif təlimlər keçirilib. DİM də bu layihəyə dəstək verən qurumlardan biri kimi tədbirdə iştirak edib və əməkdaşlar tərəfindən tələbələrə karyera inkişafı, peşəkar bacarıqların formalaşdırılması, şəxsi inkişaf, innovativ düşüncə və əmək bazarına hazırlıq istiqamətində müxtəlif təlimlər keçirilib.
Layihənin əsas məqsədi əmək bazarında olan karyera tendensiyaları ilə bağlı ADA Universitetinin 2 və 4-cü kurs bakalavriat və magistratura tələbələri arasında məlumatlılığı artırmaq, tələbələrlə potensial işəgötürənlər arasında əlaqə yaratmaq, o cümlədən müxtəlif fəaliyyət sahələri ilə əlaqədar zəruri texniki biliklər barədə iştirakçıları məlumatlandırmaqdan ibarət olub.
Təlimlərin sonunda tərəfdaş qurumlar tərəfindən iştirakçıların bilik və bacarıqları qiymətləndirilib. DİM-in həyata keçirdiyi qiymətləndirmə nəticəsində ən yüksək nəticə göstərmiş 9 tələbə qurumda iki aylıq təcrübə proqramında iştirak etmək hüququ qazanıb.