Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün 1 aprel tarixindən elan olunmuş müsabiqə üzrə ərizə qəbulu yekunlaşıb. Qeydiyyatdan keçmiş namizədlərlə test imtahanı 12 iyun 2026-cı il tarixində keçiriləcək.
İmtahan Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq.
Məlumat verildiyi kimi, test imtahanı Mərkəz tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd imtahana buraxılış vərəqəsini Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.
İmtahanda namizədlərə xüsusi icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi, dünyagörüşü və ünsiyyət bacarıqları üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanında mümkün 80 baldan 55 və daha artıq bal toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar.
Namizədlər qanunvericilik üzrə sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlarla verilmiş linkə (https://justice.gov.az/storage/01KKVFCMR0DR9EQM987902TJA5.pdf) daxil olaraq tanış ola bilərlər.
Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən və müsahibədə iştirak etmək istəyən şəxslər “Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydası”nın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədləri Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına təqdim etməlidirlər.
Təqdim etdiyi sənədlərə görə “Xüsusi icra məmurları haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılacaqlar.
Əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10705, 10713, 10409, 10416) nömrəli telefonla əlaqə saxlamaq olar.