Dövlət İmtahan Mərkəzinin Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektorunun əməkdaşı Cavanşir Orucov tərəfindən 14-15 may 2026-cı il tarixlərində Təsviri sənət və memarlıq istiqamətləri üzrə qabiliyyət imtahanlarına cəlb ediləcək nəzarətçilər üçün təlim keçirilib. Təlimlərə dəvət olunmuş nəzarətçilər Dövlət İmtahan Mərkəzinin “Zal nəzarətçiləri bazası”ndan müvafiq meyarlar nəzərə alınmaqla təsadüfi qaydada seçilib.
Təlimlərdə nəzarətçilərə istiqamətlər üzrə qabiliyyət imtahanlarının xüsusiyyətləri - iştirakçıların zallar üzrə yerləşdirilməsi, kodlaşdırılmış tapşırıq vərəqlərinin paylanılması və təhvil alınması prosesi, rəngkarlıq və yapma fənləri üzrə imtahanlarda yerində qiymətləndirmə zamanı nəzarətçinin görəcəyi işlər və nəzarətçilərin vəzifələri haqqında məlumat verilib. Həmçinin imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat nümayiş etdirilib.
Sonda imtahanda baş verə biləcək hallarla bağlı fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.