Tvinninq Avropa İttifaqının (Aİ) institusional quruculuq aləti olaraq dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi və yardım göstərilməsi, habelə milli qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Bu, Aİ üzvü dövlətlərinin dövlət qurumları ilə benefisiar, yaxud tərəfdaş ölkələr arasında institusional əməkdaşlıq üzrə Aİ alətidir. Avropa Komissiyasının təşəbbüsü olan Tvinninq aləti 1998-ci ildə namizəd ölkələrin Avropa İttifaqına inteqrasiya prosesini dəstəkləmək məqsədilə başlanmışdır. Tvinninq Avropa Qonşuluq və Əməkdaşlıq Aləti kimi Azərbaycanda 2006-cı ildən həyata keçirilir və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Avropa İttifaqına üzv ölkələrin və benefisiar ölkənin dövlət sektoru təcrübəsini bir araya gətirir.
Azərbaycan kontekstində Tvinninq Aİ qanunvericiliyinin müəyyən hissələrinin və qabaqcıl təcrübəsinin mənimsənilməsi üçün səmərəli şərait yaratdığı və qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsində hökumətə köməklik göstərdiyi üçün strateji əhəmiyyətə malikdir.
“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək Layihəsi” (AZ/15/ENP/OT/40)
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Avropa İttifaqının Tvinninq aləti çərçivəsində “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək Layihəsi” (AZ/15/ENP/OT/40) həyata keçirilir. Layihə dövlət qulluğu vəzifələrinin funksiyalarının məzmununa görə sahələr üzrə qruplaşdırılmasını, həmçinin, yeni qruplaşdırma sisteminin dövlət qulluğuna qəbulda, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində və onların əməyinin ödənilməsində tətbiqinə dair təkliflərin verilməsini nəzərdə tutur.
Layihə üzv ölkə qismində Litva Respublikasının müvafiq qurumları ilə birgə həyata keçirilir:
Litva Respublikasının Dövlət Katibliyi – Litvada dövlət siyasətinin əlaqələndirilməsi üzrə əsas qurumdur. www.lrv.lt
Litva Respublikasının Dövlət Qulluğu Departamenti – dövlət qulluğu sahəsində dövlət siyasətini həyata keçirməklə yanaşı, peşəkar və səmərəli dövlət qulluğu sisteminin yaradılmasında iştirak edir və qanunvericilik aktlarının həyata keçirilməsini təmin edir. www.vtd.lrv.lt
Avropa Sosial Fond Agentliyi – bu layihənin logistikasını (maliyyə və inzibati idarəetmə) həyata keçirir. www.esf.lt
Litva dövlət qurumları layihə çərçivəsində həm təcrübələrini bölüşəcək, həm də qabaqcıl Avropa təcrübəsinə uyğun olaraq DİM-in səmərəliliyinin gücləndirilməsi və imkanlarının genişləndirilməsinə töhfə verəcək. Layihə Azərbaycanda peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etməsinə dəstək verəcək.
Layihənin əsas məqsədi dövlət qulluğu vəzifələrinin yeni, fəaliyyətin məzmununa əsaslanan qruplaşdırılma sisteminin qurulması, bu sistemin dövlət qulluğuna qəbul, fəaliyyətin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsi, habelə bu sahədə DİM-in malik olduğu alətlərin, potensialın və səmərəliliyin artırılmasıdır.
Layihə 4 komponent üzrə nəticələr əldə etməyi hədəfləyir:
vəzifələrin qruplaşdırılması sistemi;
dövlət qulluğuna qəbul;
fəaliyyətin qiymətləndirilməsi;
dövlət qulluğu vəzifələrinin yeni təsnifatına uyğun ödəniş sistemi
Layihənin sonunda ümumi məqsədə uyğun olaraq, hər komponent üzrə müəyyən nəticələr əldə ediləcək. Layihə çərçivəsində fəaliyyət mövcud çatışmazlıqları və onların aradan qaldırılması üçün qanunvericiliyə edilməsi zəruri olan dəyişiklikləri müəyyən etməyə, qanunvericiliyin Avropa İnzibati Məkanına və Aİ qabaqcıl təcrübəsinə uyğunlaşdırılmasına yardım edəcək.
Layihə əsas nəticələrinə (qanunvericilik aktlarının layihələndirilməsi, dövlət qulluğu vəzifələrinin qruplaşdırılması, dövlət qulluğuna qəbul və əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi) təlimlər, seminarlar, ekspert missiyaları, təlim səfərləri keçirməklə, habelə müxtəlif dövlət orqanlarının nümayəndələri ilə görüşlər və təcrübə mübadiləsi yolu ilə nail olacaqdır.
Layihə müddətində aşağıdakılar nəzərdə tutulur:
Üzv ölkənin 20-dən çox mütəxəssisinin vaxtaşırı DİM-ə səfəri;
20 iştirakçını əhatə edən 4 təlim səfəri (Latviya/Litva; Avstriya/ Macarıstan; Portuqaliya/İspaniya; Fransa/Belçika)
100 nəfərin iştirak etdiyi 4 təlim və iştirakçılar arasından bir qrup təlimçinin seçilməsi;
8 Avropa ölkəsinin qabaqcıl təcrübəsinin öyrənilməsi.
Layihə Aİ tərəfindən maliyyələşdirilir və büdcəsi 1,2 milyon avro təşkil edir. Layihənin müddəti iki ildir. Layihə 2016-cı ilin noyabrın 17-də Rezident Tvinninq Müşavirinin ölkəmizə gəlişi ilə rəsmi şəkildə başlamışdır. 14 fevral tarixində Layihənin rəsmi təqdimatı keçirilmişdir.