Qiymətləndirmə fəaliyyəti
“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 267 nömrəli Qərarına əsasən ölkəmizdə aşağıda göstərilən istiqamətlər üzrə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin formasının verilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.
Qiymətləndirmə fəaliyyətinin istiqamətləri bunlardır:
1. daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi;
2. daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi;
3. daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi;
4. müəssisələrin qiymətləndirilməsi;
5. qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının, habelə tələblərin və hüquqların) qiymətləndirilməsi;
6. kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi;
7. təbii sərvətlərin qiymətləndirilməsi;
8. dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsi;
9. xidmətlərin qiymətləndirilməsi.
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olmalı, ixtisas imtahanını müvəffəqiyyətlə verməli və Qiymətləndiricilər Palatasının üzvü olmalıdır.
Qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər qiymətləndirici ola bilməzlər.
Ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik, məhkumluğu olmayan şəxslər ixtisas imtahanlarında iştirak edə bilərlər. İxtisas imtahanlarında iştirak ödənişlidir. İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 98 manatdır.
İmtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahan üzrə toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.
İmtahanın davametmə müddəti 1 (bir) saatdır.
İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştirak etdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim edilir.
İmtahana buraxılış vərəqəsi
İmtahanda iştirak etmək üçün qeydiyyat sistemi