Statistik təhlil
Müasir cəmiyyətdə informasiya inkişafın başlıca əsaslarından biridir. Ən önəmli məsələlərdən biri informasiyanın açıqlanmasıdır. Bu, informasiya sahibinin mühüm vəzifəsidir. Bu vəzifə “İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu”nuda təsbit olunmuşdur. Qanunun 29-cu maddəsinə əsasən informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş informasiyanı ictimaiyyətə açıqlamalıdır. Qanunda belə informasiyalara ilk növbədə “ümumiləşdirilmiş statistik məlumatlar” aid edilir.
Bu baxımdan, buraxılış və qəbul imtahanlarının nəticələrinin hər il kompleks təhlilini aparan DİM elmi-statistik məlumatlarla zəngin informasiyaya malik olur. Komissiyanın apardığı ənənəvi elmi-statistik təhlillərdə təhsilin həm ümumilikdə ölkə səviyyəsində, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, eləcə də abituriyentlərin ayrı-ayrı fənlər üzrə nəticələri, onların müxtəlif ixtisas qruplarına meyil və maraqları, ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri, yüksək və zəif göstəricili rayon və məktəblər, ali təhsil müəssisələrinin reytinqi, bakalavriat və magistratura səviyyələrinə, orta ixtisas təhsili pilləsinə və rezidenturaya qəbulun nəticələri, həmçinin ümumtəhsil müəssisələri şagirdlərinin buraxılış imtahanları üzrə nəticələri və s. məsələlər öz əksini tapır. Eyni zamanda, aparılan elmi-statistik təhlilin tərkib hissələri kimi “Qəbul imtahanlarının fənlər üzrə elmi-metodiki təhlili”, “Tələbə qəbulunun gender aspektləri” (“Qadınlar statistikada”), “Kənd təsərrüfatı profilli ixtisaslar statistikada” və “Neft-qaz ixtisasları statistikada” adlı kitabçalar, həmçinin hər bir rayonun məzunlarının qəbul imtahanlarındakı göstəricilərini əks etdirən kitabçalar hazırlanır. Qəbulun nəticələrinin bu miqyasda, bu səviyyədə araşdırılmasını təhsilin vəziyyətinin monitorinqi də adlandırmaq olar.
DİM elmi-statistik təhlil nəticəsində əldə etdiyi informasiyanı – “ümumiləşdirilmiş statistik məlumatlar”ı qeyd edilən qanuna və “Abituriyent” jurnalının nizamnaməsinə uyğun olaraq açıqlayır və əldə olunmuş nəticələri nəşr edərək ictimaiyyətin istifadəsinə verir.