Avropa Dil Qiymətləndirmə Assosiasiyası
ALTE 1989-cu ildə Kembric Universiteti (Böyük Britaniya) və Salamanka Universiteti (İspaniya) tərəfindən təsis edilmişdir. Bu gün ALTE-nin 26 Avropa dilini təmsil edən 33 tam üzv təşkilatı (full members), eləcə də dünyanın hər yerindən 90-dan çox assosiativ üzvü (associate members), bir neçə fərdi ekspert üzvləri (expert members) və fərdi tərəfdaşları var. ALTE qeyri-kommersiya təşkilatıdır və Avropa Şurası yanında QHT kimi iştirakçı statusuna malikdir. ALTE Avropa və onun hüdudlarından kənarda dil qabiliyyətinin ədalətli və dəqiq qiymətləndirilməsini təşviq etmək üçün birlikdə işləyən dil testi təminatçılarının birliyidir. ALTE dilin qiymətləndirilməsi aspektləri üzrə kurslar və konfranslar təşkil edir və dil imtahanlarının keyfiyyətli audit sistemini idarə edir.
Dövlət İmtahan Mərkəzi 2019-cu ilin yanvarından ALTE-nin institusional tərəfdaşıdır. DİM Azərbaycandan Assosiasiyaya seçilən ilk qurumdur. DİM üçün ALTE ilə əməkdaşlığın əsas məqsədi xarici dillərin qiymətləndirilməsi üzrə təcrübə mübadiləsinə qoşulmaq, qiymətləndirmə alətlərinin yaradılmasında qərəzsiz və dəqiqliyi qorumaqla imtahanların keyfiyyətini artırmaqdır. Əməkdaşlıq çərçivəsində DİM-in nümayəndələri 2019-cu il 24-26 aprel tarixlərində Belçikanın Gent şəhərində ALTE-nin “Təhsilə çoxdilli keçid” mövzusunda 53-cü illik konfransında və “Raters and Rating” adlı bir günlük peşə inkişafı üzrə kursda iştirak etmişdirlər.