Britaniya Şurası (British Council)
Britaniya Şurası (British Council) Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Təşkilat 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumudur.
Dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstərir. Hər il 20 milyondan çox insana üz-üzə və 500 milyondan çox insana onlayn, televiziya və nəşrlər vasitəsilə xidmət göstərir.
Britaniya Şurası 1993-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Hər il Azərbaycanda minlərlə tələbəyə, təhsil işçisinə, siyasətçiyə, akademikə, tədqiqatçıya, yaradıcı insana və sahibkara xidmət göstərir.
Britaniya Şurası (British Council) Azərbaycan
Britaniya Şurası Birləşmiş Krallıq və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin ayrılmaz və mühüm hissəsi hesab olunur. British Council 1993-cü ildə Azerbaycanda ingilis dili, biznes inzibatçılığı və idarəetməsi sahəsində yerli ictimaiyyətə təlim xidmətlərinin təmin olunması məqsədilə təsis edilmişdir. Azərbaycanın hər yerindən olan insanlar üçün imkanlar yaratmaq məqsədilə Azərbaycanın hökumət, akademik və qeyri-hökumət təşkilatları, habelə Birləşmiş Krallıq və Avropadakı tərəf müqabilləri ilə əməkdaşlıq edir.
Britaniya Şurası Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq biznes ictimaiyyəti ilə əməkdaşlıq səviyyəsində fəaliyyətini genişləndirir.
Azərbaycanda fəaliyyətin əsas hədəfi ingilis dili bacarıqlarının inkişaf etdirilməsi, beynəlxalq miqyasda tanınan imtahanların təmin olunması, incəsənət sahəsində Birləşmiş Krallıq və Azərbaycan arasında əməkdaşlığa töhfə verilməsi və ali təhsil müəssisələri və vətəndaş cəmiyyətinin potensialının artırılmasından ibarətdir.
Britaniya Şurası Azərbaycan (British Council Azerbaijan) və DİM
23 sentyabr 2016-cı ildə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt arasında görüş keçirilmişdir. Görüş zamanı tərəflər arasında ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi sahəsində bir neçə layihənin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Müzakirələrin sonunda magistratura səviyyəsinə qəbul imtahanında ingilis dili komponentinin təkmilləşdirilməsi, yeni kurikuluma əsaslanan buraxılış imtahanlarında bacarıqların qiymətləndirilməsində ingilis dili fənni üzrə qabaqcıl təcrübənin tətbiqi, TQDK tərəfindən IELTS imtahanlarının keçirilməsinə dəstək və dövlət qulluğuna qəbul zamanı xarici dil biliklərinin yoxlanılmasının təkmilləşdirilməsi layihələrinin hazırlanması barədə razılıq əldə edilmişdir.
Qeyd olunan layihələrin həyata keçirilməsi üçün tərəflər adından Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt Niyyət Məktubu imzalamışdır.