EALTA Avropada dil bacarıqlarının qiymətləndirməsini həyata keçirən qurumların peşəkar birliyidir. EALTA Avropa Komitəsinin maliyyə dəstəyi ilə yaradılmışdır. EALTA-nın qarşıya qoyduğu əsas məqsəd Avropanın hər yerində dilin qiymətləndirilməsinin nəzəri prinsiplərini anlamağa kömək etmək, qiymətləndirmə vasitələrinin təkmilləşdirilməsi və təcrübələrin bölüşülməsini təmin etməkdir. EALTA ilkin konfranslar, regional praktik məşğələlər, onlayn kurslar keçirir, eləcə də qeyri-hökumət, hökumət və beynəlxalq təşkilatlar üçün qiymətləndirmə siyasəti və qiymətləndirmənin həyata keçirilməsi, qiymətləndirmə vasitələrinin hazırlanması və etibarlılığı, qiymətləndirmənin nəticələri və nəticələrin tanınması mövzularında məsləhət xidmətləri təklif edir. EALTA qiymətləndirmə sahəsində öndə gedən TestDaF-Institut, ETS Global (Educational Testing Service), Oxford University Press, LanguageCert, British Council, Cito - National Institute for Educational Measurement, CIEP, Pearson, Language Testing və Scottish Qualifications Authority kimi əsas qurumları üzvlər olaraq bir şəbəkədə birləşdirir.
DİM 2019-cu ilin noyabr ayından Dilin Qiymətləndirilməsi üzrə Avropa Assosiasiyasının (EALTA) institusional üzvüdür. DİM üçün EALTA ilə əməkdaşlığın əsas istiqamətlərinə DİM-in xarici dil bacarıqlarının qiymətləndirilməsi alətlərini CEFR səviyyələri üzrə təşkil edilib təkmilləşdirməsi, bu sahədə qabaqcıl təşkilatlarla birgə tədqiqat və qarşılıqlı təcrübə mübadiləsinin aparılması, həmçinin EALTA tərəfindən təşkil edilən layihələrə, konfrans və regional praktik məşğələlərə iştirakçı və ya tərəfdaş kimi qoşulmaq aiddir.
DİM 2019-cu ildə institusional tərəfdaşı olduğu EALTA-nın vasitəsilə Avropa Şurasına CEFR-in (The Common European Framework of Reference for Languages - dillər üzrə ümumavropa çərçivə sənədi) rəsmi tərcüməsi ilə bağlı müraciət ünvanlamış, 2020-ci ildə sənədin rəsmi tərcümə edilməsinə dair DİM-in müraciətinə cavab olaraq CEFR-in rəsmi tərcüməsi üçün Avropa Şurasının İctimaiyyətlə əlaqələr və nəşrlər şöbəsi tərəfindən DİM-ə dəstək məktubu təqdim olunmuşdur. CEFR rəsmi sənəd kimi ilk dəfə 2001-ci ildə ingilis və fransız dillərində nəşr olunub və 40 dilə tərcümə edilib, amma sənədin Azərbaycan dilinə rəsmi tərcüməsi edilməmişdi. DİM CEFR sənədinin ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi layihəsini həyata keçirmək üçün Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə 2020‑ci ilin mart ayında əməkdaşlıq sazişi imzalamış və sənədin tərcüməsi 2021-ci ildə yekunlaşmışdır. CEFR-in son nəşrinin Azərbaycan dilinə tərcümə olunması ölkədə xarici dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi istiqamətində görülən işlərə dəstək göstərir.