Yunus Əmrə İnstitutu
2009-ci ildə fəaliyyətə başlayan Yunus Əmrə İnstitutunun xaricdə 63 mədəniyyət mərkəzi var. Mədəniyyət Mərkəzlərində verilən türk dili dərsləri ilə yanaşı, fərqli ölkələrdəki təhsil təşkilatları vasitəsilə Türkologiya fakültələri və türk dilinin tədrisi dəstəklənir. Mədəniyyət mərkəzləri türk mədəniyyət və sənətini tanıtmaq məqsədilə bir çox fəaliyyətlər təşkil edir, milli və ya beynəlxalq tədbirlərdə Türkiyə təmsil olunur. Yunus Əmrə İnstitutu həm də xarici dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi istiqamətlərində Avropa Şurasının dillər üzrə ümumavropa çərçivə sənədi (CEFR) əsasında hazırlanan, Türkiyə universitetlərində təhsil almaq istəyən xarici tələbələrin türk dili üzrə hazırlıq kurslarından azad olmalarını təmin edən və bir çox üstünlükləri özündə birləşdirən TYS-ni inkişaf etdirən və keçirən qurumdur.
2020-ci ildən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və Türkiyə Cümhuriyyətinin Yunus Əmrə İnstitutu arasında başlayan əməkdaşlıq qurumların rəhbərləri tərəfindən imzalanan protokolla rəsmiləşmişdir. Qarşılıqlı əməkdaşlığın məqsədi əcnəbilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərslik vəsaitləri, onlayn tədris və imtahan platformasının yaradılması, Azərbaycan dili xarici dil kimi imtahanının ərsəyə gətirilməsi, eyni zamanda Türkçə Yetərlilik İmtahanının (TYS) Azərbaycan ictimaiyyətində tanıdılması, bu imtahanın etibarlı və təhlükəsiz qaydada keçirilməsi üçün texniki infrastrukturun təmin edilməsidir.