Dövlət İmtahan Mərkəzində (DİM) kimya və tarix fənləri üzrə qəbul imtahanlarında istifadə ediləcək qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ilk məşğələləri keçirilib.
Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Kimya fənni üzrə hazırlıq kursunda DİM-in şöbə müdiri Afiqə Batıyeva kursun iş planı haqqında məlumat verib.
Sonra moderatorlar – kimya fənni üzrə Elşad Abdullayev, tarix fənni üzrə isə Hafiz Cabbarov müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimatlar ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kurslarının ikinci məşğələləri növbəti həftə keçiriləcək.