Dövlət İmtahan Mərkəzində (DİM) dekabrın 11-də fizika, biologiya fənləri üzrə qəbul, riyaziyyat fənni üzrə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə həm buraxılış, həm də qəbul imtahanlarında istifadə ediləcək qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ilk mərhələsinin üçüncü məşğələsi keçirilib.
Hazırlıq kursu onlayn formada keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderatorlar – fizika fənni üzrə Əlövsət Rəcəbli, riyaziyyat fənni üzrə Aqşin Abdullayev buraxılış imtahanları və ali təhsil müəssisələrinə qəbul imtahanları üçün qiymətləndirmə vasitələrinin, o cümlədən, 3 tapşırıqlı situasiyanın və onların meyarlarının hazırlanmasına verilən tələblər barədə təqdimatla çıxış ediblər.
Biologiya fənni üzrə isə iştirakçılara ötən iclasda ev tapşırığı verildiyindən, ev tapşırıqlarının müzakirəsinə başlanılıb və növbəti məşğələlərdə müzakirələr davam etdiriləcək.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kurslarının dördüncü məşğələsi növbəti həftə keçiriləcək.