Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənni üzrə buraxılış və qəbul, ingilis dili fənni üzrə ümumi (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, kimya və informatika fənni üzrə isə qəbul imtahanlarında istifadə ediləcək qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının növbəti məşğələləri keçirilib.
Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, ingilis dili fənni üzrə Nərminə Əliyeva, informatika fənni üzrə Anar Rəşidov və Nigar Əhmədli, kimya fənni üzrə Elşad Abdullayev buraxılış imtahanları və ali təhsil müəssisələrinə qəbul imtahanları üçün qiymətləndirmə vasitələrinin, o cümlədən, cavabı yazı ilə ifadə olunan tapşırıqların hazırlanmasına dair tələblərlə bağlı təqdimatlar ediblər.Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kurslarının dördüncü məşğələsi növbəti həftə keçiriləcək.