Seminarlarda gündəlik məsələlər aşağıdakılar olub:
- İş planının təsdiqi;
- Proqramların müzakirəsi.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutların müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Göyçay) vasitəsilə bölgələrdəki müəllimlər onlayn rejimdə müzakirələrə qoşulublar.
Müvafiq fənn kuratorları: coğrafiya fənni üzrə Kamil İbrahimli, riyaziyyat fənni üzrə Samir Hüseynli seminarların iş planını iştirakçıların diqqətinə çatdırıblar.
Coğrafiya fənni üzrə seminarın rəhbəri dosent Həsən Nəbiyev coğrafiya fənni üzrə II və III (TC altqrupu) ixtisas qrupları üçün qəbul imtahanı proqramını müzakirəyə təqdim edib. Proqramın bir hissəsi (Giriş, Yer səthinin təsviri, Yer Günəş sistemində, Litosfer, Relyef, Atmosfer) müzakirə edilib.
Riyaziyyat fənni üzrə seminarın rəhbəri Bakı şəhəri 313 nömrəli tam orta məktəbin müəllimi Asif Cümşüdov ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramını müzakirəyə təqdim edib.
Proqramların müzakirəsində seminar iştirakçıları: Bakı şəhəri 162 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Könül Quliyeva, Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun əməkdaşı Lalə Əliyeva, Bakı şəhəri 81 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Dilqəm Məhərrəmli və digər şəxslər bir sıra təkliflər veriblər. Müzakirələr nəticəsində iştirakçılar tərəfindən qeyd edilən təkliflər nəzərə alınaraq proqramlarda müəyyən redaktə xarakterli düzəlişlər edilib.
Seminarlara onlayn rejimdə qoşulmuş Naxçıvan şəhəri 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Ülvanə Əlixanlı, Babək rayonu Hacıvar kənd tam orta məktəbin riyaziyyat müəllimi Azər Əliyev, Göyçay şəhəri 3 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Fidan Qarayeva müzakirələrdə fəal iştirak ediblər, qeyd və təkliflərini bildiriblər.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.