Elan üzrə 102 dövlət orqanında mövcud olan 491 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 701 namizədlə 846 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsahibə sayı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatı, Ərazi və tabeli qurumlarla iş şöbəsi, Ərazi qurumları ilə iş sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 40 nəfər) və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatı, Humanitar və sosial məsələlər şöbəsi, aparıcı məsləhətçi (1 vakant yer üzrə 36 nəfər) vəzifəsi üzrə yaranıb.
Müsahibələrin 5 noyabr 2024-cü il - 21 yanvar 2025-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.