Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənni üzrə buraxılış və qəbul, ingilis dili fənni üzrə ümumi (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, informatika fənni üzrə isə qəbul imtahanlarında istifadə ediləcək qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının növbəti məşğələləri keçirilib.
Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri, magistrlər iştirak ediblər.
Moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, ingilis dili fənni üzrə Nərminə Əliyeva buraxılış imtahanları və ali təhsil müəssisələrinə qəbul imtahanları üçün qiymətləndirmə vasitələrinin, o cümlədən, cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarlarının hazırlanmasına verilən tələblər barədə təqdimatla çıxış ediblər.
İnformatika fənni üzrə hazırlıq kursunda moderator Anar Rəşidov mövzuya giriş edib, daha sonra mövzunu davam etdirmək üçün sözü ekspert Yadigar Əliyevə verib. Yadigar Əliyev ali təhsil müəssisələrinə qəbul imtahanları üçün informatika fənni üzrə qiymətləndirmə vasitələrinin, o cümlədən, cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarlarının hazırlanmasına verilən tələblər barədə təqdimatla çıxış edib.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kurslarının beşinci məşğələsi növbəti həftə keçiriləcək.