Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə qəbul imtahanlarında, riyaziyyat fənnindən isə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının üçüncü məşğələləri keçirilib.
Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderatorlar – tarix fənni üzrə Hafiz Cabbarov, riyaziyyat fənni üzrə isə Aqşin Abdullayev müvafiq fənn kurikulumları əsasında tapşırıqların hazırlanması və onların formaları ilə bağlı təqdimatlar ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kurslarının dördüncü məşğələləri növbəti həftə keçiriləcək.