Seminarda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin Dizayn (sahələr üzrə) ixtisasına qəbul üçün keçirilən qabiliyyət imtahanlarının məzmununa dair müzakirələr aparılıb. Seminarda DİM-in Qabiliyyət imtahanları üzrə sektorunun əməkdaşları və Dizayn (sahələr üzrə) ixtisası üzrə kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin – Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Qərbi Kaspi Universitetinin və Odlar Yurdu Universitetinin ekspertləri iştirak ediblər.
Seminarda 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün keçiriləcək rəsm və kompozisiya imtahanlarında istifadə ediləcək tapşırıqlar müzakirə edilib.
Təsviri sənət istiqaməti üzrə seminarlarda təsdiq edilən yeni qəbul proqramları tapşırıq nümunələri, qiymətləndirmə meyarları, müsabiqə şərtləri və s. haqqında məlumatlar DİM-in internet saytında yerləşdiriləcək və “Abituriyent” jurnalının xüsusi buraxılışı olan " Xüsusi qabiliyyət imtahanları " adlı jurnalın 1-ci sayında nəşr ediləcəkdir.