V ixtisas qrupundan XQTİ-lərə qəbul olmaq üçün abituriyentlər I mərhələdə qəbul (cari ilin abituriyentləri buraxılış), ikinci mərhələdə isə qabiliyyət imtahanı vermişlər. İmtahanlar Bakı və Naxçıvan şəhərlərində 8 binada keçirilmişdir. COVİD-19 pandemiyası ilə əlaqədar olaraq 2020-2021-ci tədris ili üçün keçirilən qabiliyyət imtahanlarında müvəqqəti şərtlər tətbiq edilmişdir. Yalnız cari il üçün xüsusi qabiliyyət tələb edən ixtisasların bəzilərinə keçirilmiş qabiliyyət imtahanları ləğv edilmişdir. İmtahanların kütləviliyinin və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə eləcə də, sosial təcridin gücləndirilməsini nəzərə alaraq 4 ixtisas – Məşqçilik, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, Təsviri incəsənət müəllimliyi və Müsiqi müəllimliyi ixtisasları üzrə qabiliyyət imtahanları keçirilməmişdir. Əksər komissiyalarda abituriyentlər bir qabiliyyət imtahanı fənni üzrə imtahan vermişlər. Xüsusi qabiliyyət imtahanları Təsviri sənət, Musiqi, Memarlıq və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə keçirilmişdir.
V ixtisas qrupu üzrə qabiliyyət imtahanları 15 ixtisas üzrə aparılmışdır. Bununla yanaşı I ixtisas qrupu üzrə memarlıq ixtisasına qabiliyyət imtahanı, o cümlədən III ixtisas qrupu üzrə islamşünaslıq ixtisasına müsahibə keçirilmişdir. V qrup üzrə xüsusi qabiliyyət imtahanları 27 avqust tarixindən başlayaraq 18 sentyabradək keçirilmişdir.
Abituriyentlərə 2 istiqamət üzrə ən çoxu 6 Qabiliyyət İmtahanı Komissiyası (QİK) üzrə qeydiyyatdan keçmək imkanı verilmişdir. Cari ildə 11489 abituriyent və 2597 subbakalavr öz elektron ərizəsində yalnız V ixtisas qrupunu qeyd etmişdir. Bundan əlavə 46280 abituriyent I-IV qruplarla yanaşı V qupu da elektron ərizələrində qeyd etmişdir. Qabiliyyət imtahanlarında iştirak üçün 5153 abituriyent(subbakalavr) QİK-lər üzrə qeydiyyatdan keçmişdir. Ötən illə müqayisədə bütün QİK-lər üzrə qeydiyyatdan keçən abituriyentlərin sayında artım müşahidə olunmuşdur. Dizayn komissiyası üzrə qeydiyyatdan keçənlərin sayı digər komissiyalarla müqayisədə daha çox olmuşdur. Qabiliyyət imtahanları nəticəsində 1938 nəfər ixtisas seçiminə buraxılmışdır.
İmtahanların davametmə müddəti ixtisaslardan asılı olaraq müxtəlifdir. Belə ki, ən az imtahan müddəti 3 saat, təsviri sənət istiqamətinin xüsusi qabiliyyət imtahanları isə 6 saatdır. Hər bir qabiliyyət imtahanı günündə imtahandan sonra qiymətləndirmə prosesi və bəzən apelyasiya da keçirilmişdir.
Abituriyentlərin (subbakalavrların) imtahan zamanı yerinə yetirdikləri tapşırıqlar müvafiq sahə mütəxəssisləri tərəfindən qiymətləndirilmişdir. Tapşırıqları qiymətləndirmək üçüm 34 QİK təşkil edilmiş və imtahandan dərhal sonra qiymətləndirmə həyata keçirilmişdir. Abituriyentlərin imtahan nəticələrini daha tez öyrənmələri üçün qiymətlər imtahan gününün axşamı hər bir abituriyentin öz səhifəsinə yerləşdirilmişdir. İmtahan nəticələri elan edildikdən sonra Apelyasiya komissiyaları fəaliyyətə başlamışdır. Xüsusi qabiliyyət imtahanları dövründə Apelyasiya komissiyalarına 285 müraciət qeydə alınmışdır. Müraciətlərə əsasən imtahan zamanı yerinə yetirilmiş işlərə yenidən baxış keçirilmiş və müvafiq qərarlar qəbul edilmişdir.
Naxçıvanda yaşayan abituriyentlərin(subbakalavrların) qabiliyyət imtahanları onlayn keçirilmiş və Bakıda təşkil edilmiş QİK qiymətləndirməni həyata keçirmişdir. 9 QİK onlayn imtahanların qiymətləndirməsini həyata keçirmişdir.
İslamşünaslıq ixtisasına qəbul üçün müsahibələrin keçirilməsi 9 sentyabr tarixindən başlamışdır. Müsahibələrdə iştirak üçün 174 abituriyent qeydiyyatdan keçmişdir. Onlardan 75-i müsahibədən müvəffəqiyyətlə keçərək islamşünaslıq ixtisasını seçmək imkanı qazanıb. Karantin rejiminin abituriyentlər üçün yaratdığı əlavə çətinlikləri nəzərə alaraq Naxçıvanda yaşayan abituriyentlərin müsahibədə iştirakını təmin etmək məqsədilə onlar üçün onlayn müsahibə keçirilmişdir.