2021-ci il 9 aprel tarixində Dövlət İdarəçiliyi üzrə Amerika Cəmiyyətinin illik konfransı çərçivəsində “Dövlət idarəçiliyində yenidən düşünülmüş liderlik: Postsovet ölkələrində çətinliklər və perspektivlər” mövzusunda Dövlət qulluğu üzrə Astana Regional Xabı tərəfindən panel sessiya təşkil edilib. Sessiyanın açılış mərasimində Xabın sədri, Amerika Cəmiyyətinin icraçı direktoru çıxış ediblər.
Panel sessiyanın məqsədi qeyd olunan ölkələrdə dövlət idarəçiliyi sahəsində liderliyin təhlili və əhatəli xülasəsinin təmin edilməsi, həmçinin gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi olub.
Panel sessiyada DİM Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov və Mərkəzin icraçı direktoru Vəfadar Misirov iştirak ediblər.
Sessiyada çıxış edən Bəhram Xəlilov liderlik bacarığının dövlət qulluğunda rəhbər vəzifələri tutmaq üçün zəruri hesab edilən səriştələr siyahısına daxil edildiyini bildirib. Bu məqsədlə, Avropa İttifaqının və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının SIGMA proqramı çərçivəsində dövlət qurumları ilə birlikdə vəzifə profillərinin yaradılması və zəruri səriştələrin müəyyən edilməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. O, həmçinin intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilən "Yüksəliş" müsabiqəsi haqqında sessiya iştirakçılarını məlumatlandırıb, DİM tərəfindən müsabiqə üçün müxtəlif qiymətləndirmə alətlərinin uğurlu təşkilini qeyd edib və mövzu ilə bağlı sualları cavablandırıb.