Elan üzrə 92 dövlət orqanında mövcud olan 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 778 namizədlə 1055 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsahibə sayı Dövlət Turizm Agentliyi, Aparat, Ümumi şöbə, Vətəndaş müraciətləri və sənədlərlə iş sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 44 nəfər) və İqtisadiyyat Nazirliyi, Maliyyə-təminat və proqnozlaşdırma şöbəsi, Mühasibat uçotu və hesabat sektoru, böyük məsləhətçi (1 vakant yer üzrə 38 nəfər) vəzifəsi üzrə yaranıb.
Müsahibələrin 1 aprel 2025-ci il - 2 iyul 2025-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.