Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Seminarın rəhbəri t.ü.f.d. K.Məmmədov gündəlik məsələ barədə məlumat verib. O qeyd edib ki, hazırda respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklərdə bir sıra dəyişikliklər var. Bununla əlaqədar olaraq proqramların hazırlanması və təkmilləşdirilməsi üçün ekspertlərdən ibarət işçi qrupu yaradılıb. 2020-ci ildə imtahan verənlər dərsliklərin əvvəlki nəşrlərindən tədris aldıqlarına görə dərsliklərin hər iki nəşri müqayisə edilərək hər iki nəşrdə eyni olan mövzular proqramlara daxil edilib.
Sonra proqramın layihəsi müzakirəyə təqdim edilib. Müzakirədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Ə.Bədəlov və F.Babayev, BDU-nun dosentləri M.Abdullayev və B.Şəbiyev, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin müəllimi R.Tanrıverdi, TAİM-in direktoru İ.Həsənov, Bakı şəhəri 72 nömrəli məktəb-liseyin müəllimi A.Allahverdiyev, Ağdam rayon 33 nömrəli köçkün tam orta məktəbin müəllimi M.Muradov və b. proqramlarla bağlı fikirlər bildirib, təkliflər veriblər.
Seminarda qeyd edilən fikir və təkliflər nəzərə alınmaqla proqramın layihəsi təsdiq edilib. Proqram “Abituriyent” jurnalının birinci sayında dərc ediləcək.
Növbəti seminarda (31 oktyabr 2019-cu il tarixdə, saat 11:00-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə 19 may tarixli qəbul imtahanında istifadə edilmiş tapşırıqların statistik göstəricilər əsasında elmi-metodiki baxımdan təhlili aparılacaq.