Hazırlıq kursları DİM-in əsas inzibati binasında əyani formada, regiondan olan iştirakçılar üçün isə onlayn qaydada keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
DİM-in şöbə müdiri Afiqə Batıyeva coğrafiya, sektor müdiri Günay Rüstəmzadə biologiya, sektor müdiri Royal Qulusoy isə tarix fənni üzrə kursun məqsədi haqqında təqdimatlarla çıxış ediblər. Onlar qeyd ediblər ki, birinci mərhələdə iştirakçılara fənn kurikulumunun mahiyyəti, ölkənin təhsil sistemində tətbiq edilən qiymətləndirmə formaları və qəbul imtahanlarında istifadə edilən tapşırıq növləri haqqında məlumat verilir.
Sonra moderatorlar – biologiya fənni üzrə Nailə Əliyeva, tarix fənni üzrə Hafiz Cabbarov və coğrafiya fənni üzrə isə Nərminə Seyfullayeva müvafiq fənn kurikulumlarının mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimat ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kurslarının ikinci məşğələləri növbəti həftə keçiriləcək.