Elan üzrə 36 dövlət orqanında mövcud olan 70 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 100 namizədlə 107 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsahibə sayı Dövlət Statistika Komitəsi, Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi, Statistik vahidlərin reyestrləri və inzibati məlumat mənbələri ilə iş, aparıcı məsləhətçi (1 vakant yer üzrə 19 nəfər) və Maliyyə Nazirliyi, Fövqəladə halların və qəzaların nəticələrinin aradan qaldırılmasına və infrastrukturun təkmilləşdirilməsinə dövlət dəstəyi sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 14 nəfər) vəzifəsi üzrə yaranıb.
Müsahibələrin 3 sentyabr 2024-cü il - 23 sentyabr 2024-cü il tarixlərində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.