8-9 dekabr 2022-ci il tarixlərində Gəncə şəhərində yerləşən ali təhsil müəssisələrinin (Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti) yuxarı kurs tələbələri ilə dövlət qulluğunun təbliği və təşviqi məqsədilə maarifləndirici görüş keçirilib.
Görüşdə ümumilikdə 500-dən çox tələbə və gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı nümayəndələri iştirak ediblər.
Tədbirin başlanğıcında ümummilli lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin Hüquqi təminat, dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov “Dövlət qulluğunda inzibati vəzifələrin tutulması qaydası” mövzusunda təqdimatla çıxış edib.
Təqdimat zamanı dövlət qulluğuna qəbul, dövlət qulluğunda vəzifələr, dövlət qulluğunda test imtahanı və müsahibələr, dövlət qulluğu ilə bağlı statistik göstəricilər barədə görüş iştirakçılarına məlumat verilib.
Mərkəzin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov tədbir iştirakçılarına dövlət qulluğu sahəsində nəşrlər, dövlət qulluğu ilə bağlı elektron xidmətlər, o cümlədən “otk.az” onlayn sınaq imtahanı portalı haqqında məlumat verib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və müvafiq mövzu ətrafında müzakirə aparılıb.