Görüşdə DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimova, DİM-in Qabiliyyət imtahanları üzrə sektorunun müdiri Ziyafət Mustafayeva və 40-a yaxın uşaq musiqi və incəsənət məktəbinin direktoru iştirak edib.
İclasda iştirakçılara xüsusi qabiliyyət imtahanları haqqında ümumi məlumat verilib. Daha sonra cari ildə keçiriləcək qabiliyyət imtahanları ilə bağlı təkliflər və bəzi ali təhsil müəssisələrinin münasibəti haqqında danışılıb.
Təkliflərlə bağlı müxtəlif regionalardan olan direktorlar da öz fikirlərini səsləndiriblər. Tədbir iştirakçıları bu il musiqi sənəti istiqaməti üzrə keçirilən imtahanların ötən il olduğu kimi, yəni Bakıda fəaliyyət göstərən Bəstəkarlıq komissiyasında ixtisas və harmoniya (şifahi) imtahanları, Musiqişünaslıq komissiyasında musiqi ədəbiyyatı və harmoniya (şifahi) imtahanları, digər musiqi komissiyaları üzrə isə yalnız ixtisas fənnindən imtahanların keçirilməsi barədə müsbət rəy bildiriblər.
Görüşdə abituriyentlərin qabiliyyət imtahanlarına rahat şəkildə qeydiyyatdan keçməsi məqsədilə uşaq musiqi və incəsənət məktəblərinin bütün məzunlarının məlumatlarının “Musiqi məktəbi-məzun” sistemində əks olunması məsələsi direktorların diqqətinə çatdırılıb.
Tədbirdə DİM tərəfindən xüsusi qabiliyyət imtahanlarının şəffaf və obyektiv keçirilməsi məqsədilə geniş pedaqoji ictimaiyyətin imtahanlara cəlb edilməsi təklifi irəli sürülüb. Yaxın günlərdə bu barədə elanın veriləcəyi bildirilib.
İclasda DİM-in abituriyentlərə kömək məqsədilə hər il “Abituriyent “jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının nəşr edilməsi iştirakçıların diqqətinə çatdırılıb. Bu il əlavə olaraq musiqi sənəti üzrə Kembric Universitetinin təcrübəsindən istifadə edərək yeni vəsaitin hazırlanması üzərində iş getdiyi barədə məlumat da verilib. Yeni vəsaitdə musiqi sənəti istiqamətinə qəbul olmaq istəyən abituriyentlərin imtahanlara hazırlaşmaları üçün materiallar və nümunə testlər veriləcək.
Görüşdə, həmçinin uşaq musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu imtahanının test mərhələsinin DİM tərəfindən keçiriləcəyi barədə məlumat verilib. Bundan əlavə, növbəti tədris ilində uşaq musiqi və incəsənət məktəblərinin tələbələri üçün monitorinq imtahanının keçirilməsi planları haqqında danışılıb.