8 avqust 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşları ixtisas seçiminin başlanması ilə əlaqədar “Abituriyent Məsləhət Mərkəzləri”nin işçiləri üçün növbəti təlim keçirib.
Təlim zamanı Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynova-Didavari ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında iştirakçılara məlumat verib. Abituriyentlərin imtahan ballarının paylanması, qəbul planı və müsabiqə şərtləri nəzərə alınaraq ixtisas qrupları üzrə ümumi vəziyyət təhlil edilib.
Xatırladaq ki, “Abituriyent Məsləhət Mərkəzləri” ödənişsiz fəaliyyət göstərirlər.
Müsabiqə şərtini ödəyən abituriyentlər 11 – 19 avqust tarixlərində “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlərlə bağlı mərkəzlərə müraciət edə bilərlər.
Məsləhət mərkəzləri Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Sumqayıt Dövlət Universiteti və bu ildən etibarən Azərbaycan Milli Konservatoriyasında fəaliyyət göstərəcək. Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir. Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində də məsləhət mərkəzi abituriyentlərə xidmət göstərir.
Bundan əlavə, ixtisas seçimi günlərində DİM-in regional bölmələrinin əməkdaşları Elm və Təhsil Nazirliyinin tabeliyində olan rayon təhsil sektorlarına ezam olunacaq və səyyar “Abituriyent Məsləhət Mərkəzləri” fəaliyyət göstərəcək. Səyyar “Abituriyent Məsləhət Mərkəzləri” fəaliyyət qrafiki həftəsonu DİM-in saytında paylaşılacaq.