Dövlət İmtahan Mərkəzinin ingilis dili üzrə bacarıqların qiymətləndirilməsi istiqamətində apardığı fəaliyyətə dəstək göstərmək üçün ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində səfirliyin “English Langauge Specialist (ELS)” proqramının xətti ilə “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” adlı üç mərhələli layihənin son mərhələsi 6 yanvar 2020-ci il tarixində başlayıb. Layihənin III mərhələsinin gündəliyi Bakı, Gəncə və Şəki şəhərlərində DİM əməkdaşları və DİM ilə əməkdaşlıq edən ingilis dili müəllimləri üçün intensiv təlim, DİM imtahanlarının statistik məlumatlarını emal edən əməkdaşlar üçün konsultativ görüş, DİM-in ingilis dili fənni üzrə təşkil etdiyi təlimlərdə təlimçi kimi fəaliyyət göstərən şəxslərə TOT-un (təlimçilər üçün təlim) keçirilməsi və qurumun rəhbərliyi ilə hesabat xarakterli görüşü əhatə edir.
DİM əməkdaşları və müəllimlər üçün nəzərdə tutulan təlim 6-16 yanvar tarixlərində keçiriləcək. Layihə yanvarın 17-də hesabat xarakterli görüşlə sona çatacaq.
Qeyd edək ki, layihənin I mərhələsi 1-2 aprel 2019-cu il, II mərhələsi isə 30 sentyabr – 11 oktyabr 2019-cu il tarixlərində həyata keçirilib.
Təlim və konsultasiya ingilis dili üzrə mütəxəssis Neytn Kar tərəfindən aparılır. Ph.D Neytn Kar ingilis dilinin əcnəbilər üçün tədrisi (TESOL) üzrə təcrübəli ekspertdir. O, “ingilis dili xarici dil kimi” (EFL) və təhsilin qiymətləndirilməsi sahələrində müəllimlər və təhsil işçiləri üçün peşəkar inkişaf təlimləri həyata keçirir. Ekspertin ingilis dilinin tədrisi və qiymətləndirilməsi ilə bağlı bir sıra elmi işləri çap olunub. Həmçinin Neytn Kar Qazaxıstan, Vyetnam, İndoneziya və Tayvanın ali təhsil müəssisələrində müəllimlərin peşəkar inkişafı ilə bağlı təlim və seminarlar keçirib.