Dövlət İmtahan Mərkəzi (DİM) 29 avqust 2020-ci il tarixində Azərbaycanda pandemiya şəraitində SAT imtahanlarını (SAT&SAT Subject) keçirən yeganə SAT Test Mərkəzi olub. İmtahanlar DİM-in Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
SAT imtahanlarının keçirilməsinə görə College Board (Ali təhsilə qəbul Şurası) tərəfindən DİM-ə ünvanlanmış təşəkkür məktubunda COVID-19 ilə əlaqədar yaranmış vəziyyətdə imtahanlarda bir sıra ehtiyat tədbirlərinin təmin olunmasının vacibliyi vurğulanmış və DİM-in bu istiqamətdə imtahan iştirakçıları və imtahanı idarə edən əməkdaşları üçün təhlükəsiz və effektiv şəraitin yaradılmasına görə təşəkkür bildirilmişdir.
Avqust ayında DİM-də ölkə üzrə keçirilən imtahanlarda 34 nəfər, dünyada isə 130 minə yaxın tələbə SAT imtahanlarında iştirak etmişdir.
Qeyd edək ki, DİM tərəfindən təşkil olunan SAT imtahanlarının materialları artıq ABŞ-ın müvafiq mərkəzinə çatdırılmış və imtahan nəticələri sentyabrın 21-də elan olunacaqdır. DİM-də növbəti SAT imtahanlarının sentyabrın 26-da keçirilməsi planlaşdırılır.
Ətraflı məlumat üçün: http://dim.gov.az/activities/exams/sat/