Dövlət İmtahan Mərkəzinin Bərdə Regional Bölməsinin və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 21 may 2019-cu il tarixində Ağcabədi rayonu Bayraq muzeyində “Dövlət qulluğuna qəbul qaydaları“ mövzusunda tədbir keçirilib . Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri Azərbaycan Dövlət Pedaqoji Universitetin Ağcabədi filialının müəllimləri və sonuncu kurs tələbələri, həmçinin Ağcabədi rayon Məşğulluq Mərkəzinin əməkdaşları və mərkəzdə işaxtaran kimi qeydiyyatda olan ali təhsili vətəndaşlar iştirak ediblər.
Tədbirdə DİM-in Bərdə Regional Bölməsinin müdiri Eltun Süleymanov Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat verərək qeyd edib ki, DİM dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə yanaşı, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə əsasında aparır. Daha sonra regional bölmənin digər əməkdaşı Emin Məmmədov təqdimatla çıxış edərək dövlət qulluğu sisteminin mahiyyəti, dövlət qulluğuna qəbul qaydaları, test imtahanlarında iştirak , sertifikatların əldə edilməsi, vakant yerlər, müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmək haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.