7 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun məsləhətçisi Fidan Novruzova tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Aktiv dinləmə və empatiyanın ünsiyyətdə rolu” mövzusunda onlayn formada təlim keçirilib.
Təlim zamanı iştirakçılar peşəkar kommunikasiya prinsipləri, aktiv dinləmənin mərhələləri və empatiyanın iş mühitində tətbiqi ilə yaxından tanış olublar. “Aktiv dinləmə” anlayışı və onun ünsiyyətdə oynadığı rol açıq suallar, refleksiya və 3D metodu kimi praktik üsullarla öyrənilib. Daha sonra “Empatiya nədir?”, “Empatiya və simpatiya ”, “Empatiyanın növləri” mövzularında interaktiv izah və situasiya təhlilləri aparılıb. İş mühitində empatiyanın üstünlükləri, empatik liderliyin əməkdaş münasibətlərinə təsiri və real nümunələr əsasında tətbiq imkanları müzakirə olunub.
“Peşəkar kommunikasiya” və “Kommunikasiya prinsipləri” mövzularında maraqlı faktlar və qrup tapşırıqları təqdim olunub. İştirakçılar sorğu vasitəsilə öz dinləmə tərzlərini qiymətləndirib və müxtəlif “Dinləmə növləri” üzrə fərqlər praktiki nümunələrlə izah edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.