Seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak etmişlər. Seminar iclasında 2019 – 2020-ci tədris ili üçün xarici dillər üzrə magistraturaya qəbul imtahanının proqramlarının layihəsi müzakirə edilmiş, habelə dinləyib-anlama bacarığını yoxlamaq üçün nəzərdə tutulan test bloku üzrə fikir mübadiləsi aparılmışdır. Seminarı giriş sözü ilə açan DİM-in Magistratura üzrə sektorunun müdiri Məhəbbət Əkbərli magistratura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanının məqsədi və məzmunu, test imtahanı ilə yoxlanılması nəzərdə tutulan xarici dil bacarıqları, Azərbaycanın dünyaya sürətlə inteqrasiya olunduğu müasir şəraitdə xarici dillərin öyrənilməsinə qoyulan tələblər barəsində ətraflı məlumat vermişdir. O, növbəti qəbul imtahanında Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini xarici dil kimi seçmək imkanının verilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir. O vurğulamışdır ki, magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı iхtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqоji işlərlə məşğul оlmaq hüququ verir. Ona görə də magistraturaya daxil olmaq istəyən bakalavrlar öz ixtisasları ilə yanaşı, xarici dilləri də mükəmməl surətdə mənimsəməyə çalışmalıdırlar. Xarici dili mükəmməl bilmək ondan şifahi və yazılı şəkildə sərbəst ünsiyyət saxlamaq, müasir dövrün tələbləri səviyyəsində oxu, yazı, danışıq və dinləyib-anlama bacarıqlarına, zəruri söz ehtiyatına və qrammatik minimuma yiyələnmək deməkdir.
DİM-in aparıcı məsləhətçisi Aynur Bayramlı xarici dillər üzrə qəbul imtahanı proqramlarının layihəsini seminar iştirakçılarına təqdim etmişdir. Daha sonra aparıcı məsləhətçi Ülkər Mirzəyeva seminar iştirakçılarını dinləyib-anlama üzrə test bloku üçün nəzərdə tutulmuş audiofayllar və onlar əsasında tərtib olunmuş test tapşırığı nümunələri ilə tanış etmişdir. Seminar iştirakçılarından Ç. Babaxanova, S. Mehdiyeva, S. Nuriyeva, A. Sadıqova, Ş. Mahmudova, P. Məmmədzadə və başqaları proqramların layihəsi barəsində, dinləyib-anlama bacarığını yoxlamaq üçün nəzərdə tutulan test bloku, habelə ali təhsil müəssisələrində xarici dillərin tədrisi sahəsində mövcud vəziyyət, bu sahədə özünü göstərən problemlər və xarici dil müəllimlərinin üzərinə düşən vəzifələrlə əlaqədar fikirlərini bildirmişlər. Qəbul imtahanı proqramlarının məqbul olması, imtahanda xarici dili bilmə səviyyəsini müəyyənləşdirmək üçün oxuyub-anlama, lüğət ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılması ilə yanaşı, dinləyib-anlama bacarığının da yoxlanılmasının zəruri olması vurğulanmışdır.
Müzakirə və fikir mübadiləsi nəticəsində seminarda növbəti tədris ili üçün xarici dillər üzrə magistraturaya qəbul imtahanının proqramları qəbul edilmişdir. Proqramlar “Magistr” jurnalının növbəti sayında çap ediləcək. Test tapşırığı nümunələri isə jurnalın 2019-cu ildə buraxılacaq 2-ci sayında bakalavrlara təqdim ediləcək. Növbəti qəbul imtahanında ingilis, alman, fransız və rus dilləri üzrə dinləyib-anlama bacarığını yoxlamaq üçün nəzərdə tutulmuş audiofaylların və müvafiq test tapşırıqlarının nümunələri yaxın günlərdə DİM-in internet saytında yerləşdiriləcək.