7 – 13 sentyabr 2026-cı il tarixlərində Türkiyənin Ankara şəhərində Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Xaricdəki Türklər və Qohum Topluluqları İdarəsi tərəfindən “Türk Dünyasında Ali Təhsildə Tərəfdaşlıq Sertifikat Proqramı (ORTAQ)” keçirilib.
Türk dünyası ölkələri arasında ali təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyan proqramda Dövlət İmtahan Mərkəzinin (DİM) Beynəlxalq əməkdaşlıq və strateji araşdırmalar sektorunun müdiri Nərmin Abdurəhmanova iştirak edib.
Proqram çərçivəsində iştirakçılar Türkiyənin və türkdilli dövlətlərin ali təhsil sistemləri ilə tanış olub, Türkiyənin ali təhsil sahəsində fəaliyyət göstərən aidiyyəti qurumlarını ziyarət ediblər. Səfər çərçivəsində iştirakçılar Türkiyə Ali Təhsil Şurasının (Yükseköğretim Kurulu – YÖK) və Hacettepe Universitetinin fəaliyyəti ilə də yaxından tanış olub, ali təhsil sahəsində həyata keçirilən layihələr və əsas fəaliyyət istiqamətləri barədə təqdimatları dinləyiblər.
Səfər zamanı sessiyalarda müvafiq mütəxəssislər tərəfindən təhsildə beynəlmiləlləşmə, süni intellekt və rəqəmsallaşma mövzularında ətraflı məlumat verilib. Sessiyalar zamanı qeyd olunan istiqamətlər üzrə müasir tendensiyalar, tətbiq olunan yanaşmalar və gələcək inkişaf perspektivləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Proqramın mühüm istiqamətlərindən biri də türk dünyası ölkələri arasında ali təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi olub və birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, gələcəkdə mümkün tərəfdaşlıq istiqamətləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.