Dövlət Qulluğu üzrə Regional Xab (Regional Xab) 2021-ci il 26 yanvar tarixində Belarus Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının “Müasir dövlət idarəetməsi: təhsil, elm, təcrübə” mövzusunda keçirdiyi beynəlxalq elmi-praktiki konfrans çərçivəsində "Dövlət idarəçiliyində insan resursları (İR) məsələləri: çətinliklər və perspektivlər" adlı panel sessiyanı təşkil edib.
Regional Xabın təşkil etdiyi panel sessiyanın məqsədi üzv ölkələrinin dövlət qulluğunun inkişaf tendensiyaları, İR proseslərinin rəqəmsallaşdırılması sahəsində təcrübə mübadiləsi, o cümlədən İR idarəetməsinin aktual problemləri haqqında müzakirəsi olub.
Regional Xabın rəhbər komitəsinin sədri, Belarus Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının rektoru və Qırğızıstan Respublikası Dövlət Kadrlar Xidmətinin direktoru açılış nitqləri ilə çıxış edərək ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında Regional Xabın mühüm rolunu vurğulayıblar.
Sonra çıxış üçün söz panel sessiyanın aparıcı spikeri Qazaxıstan İR Menecerləri Birliyinin Koordinasiya Şurasının prezidentinə verilib. O, Qazaxıstan təşkilatlarının İR idarəedilməsinin qiymətləndirilməsi üzrə araşdırmanın nəticələri barədə tədbir iştirakçılarına məlumat verib.
Bundan sonra sessiyada Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan nümayəndələri mövzu ilə bağlı təqdimatlarla çıxış edib və öz ölkələrinin təcrübələrini bölüşüblər.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov DİM-in Azərbaycan Respublikasının dövlət qulluğu sisteminin kadr siyasətində islahatlarların aparılması istiqamətində həyata keçirdiyi fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib və müzakirə əsasında verilən sualları cavablandırıb. Tədbirdə, həmçinin DİM-in icraçı direktoru Vəfadar Misirov, Strateji inkişaf və Dövlət qulluğu məsələləri şöbələrinin müdirləri iştirak edərək Regional Xaba üzv olan ölkələrin dövlət qulluğunda İR-in idarə edilməsi prosesinin təşkili və təkmilləşdirilməsi üzrə islahatlarla tanış olub, müzakirələrə quşulublar.
Tədbir suallarının cavablandırılması ilə yekunlaşıb.
Qeyd edək ki, Regional Xab üzv ölkələr arasında (hazırda 42 ölkə) dövlət qulluğu sahəsində yeniliklərin müzakirəsi və qabaqcıl təcrübənin mübadiləsi üçün vahid platformadır. Regional Xabın dünyanın müxtəlif ölkələrindən dövlət qulluğu islahatı sahəsində tətbiqi bilik və təcrübə baxımından zəngin olan 70-dən çox institusional tərəfdaşı var.