Tədbir Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xab və Nazarbayev Universitetinin Dövlət İdarəçiliyi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Konfransın keçirilməsində məqsəd tədbir iştirakçılarına dövlət idarəçiliyi sahəsində aparılmış araşdırmaların nəticələrini təqdim etmək imkanını yaratmaq, postsovet Avrasiyasında dövlət idarəçiliyi ilə bağlı praktiki yanaşmaları nümayiş etdirmək, eyni zamanda konfransda iştirak edən təcrübəçilərlə Regional Xaba üzv olan ölkələrin akademik işçiləri arasında əməkdaşlığın genişləndirilməsindən ibarət olmuşdur.
Konfrans 12 paneldə təşkil edilmişdir. Panellərdə dövlət idarəçiliyi, dövlət iqtisadiyyatı, regionda dövlət qulluğu sistemindəki islahatlar, siyasət, vətəndaş cəmiyyəti, fəaliyyətin qiymətləndirilməsi və enerji məslələri mövzuları müzakirə edilmişdir.
Tədbirdə, Bəhram Xəlilov “Azərbaycanda dövlət idarəçiliyində müasir trendlər” mövzusunda təqdimatla çıxış etmiş, mövzu ilə bağlı sualları cavablandırmışdır. Bəhram Xəlilov konfransda əməkdaşlığın genişləndirilməsində göstərdiyi dəyərli dəstəyə görə sertifikatla təltif edilmişdir.
Qeyd edək ki, Regional XAB-ın fəaliyyətinin əsas məqsədi dövlət qulluğu sahəsində region ölkələri arasında, beynəlxalq təşkilatların iştirakı ilə fasiləsiz bilik və təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutan institusional şəbəkənin formalaşdırılmasıdır.
Hazırda Regional Xabın Amerika, Avropa İttifaqı, MDB, Qafqaz və ASEAN ölkələri daxil olmaqla 40 üzvü var.