Bu tədbir 2013-cü ilin martında əsası qoyulan Regional Xabın 5 illik fəaliyyətinə həsr olunmuş, üzv dövlətlər arasında təcrübə və fikir mübadiləsi aparmaq məqsədilə bir neçə sessiyadan ibarət təşkil edilmişdir. Konfrans çərçivəsində Xabın fəaliyyətində göstərdiyi xidmətlərə görə bəzi mütəxəssislər mükafatlandırmışdır.
Tədbir iştirakçıları 7 iyun tarixində Qazaxıstanda vətəndaşlara göstərilən dövlət xidmətləri və tətbiq edilən innovasiyalarla tanış olmaq məqsədilə bir sıra dövlət qurumlarına səfər etmişdir.
40-dan çox ölkənin rəhbər vəzifəli şəxslərinin, nümayəndələrinin və ekspertlərinin iştirak etdiyi tədbirdə dövlət qulluğunun əsas trendləri müzakirə edilmişdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri də tədbirdə iştirak edərək Azərbaycan Respublikasında dövlət qulluğu, elektron xidmətlər, elektron hökumət sahəsində tətbiq edilən innovasiyalar barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri və Korrupsiyaya qarşı Mübarizə üzrə Agentliyinin, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT/OECD), Dövlət İdarəçiliyi üzrə Amerika Cəmiyyətinin, Asiya Dövlət İdarəçiliyi Assosiasiyasının və BMT-nin İnkişaf Proqramının nümayəndələri açılış nitqi ilə çıxış etmiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın, potensial quruculuğunun inkişaf etdirilməsində Xabın xüsusi rolunu vurğulamışlar.
Tədbirdə Mərkəzi Asiya və Qafqaz ölkələrinin, Butan, Bosniya və Herseqovina, Makedoniya, Moldova, Monteneqronun nümayəndələri çıxış edərək Xabın əməkdaşlığın qurulmasında, eləcə də dövlət qulluğu, dövlət xidmətlərinin çatdırılmasında innovasiyaların tətbiqi və elektron hökumətin inkişafı üzrə bilik və təcrübə mübadiləsi üçün önəmli bir platforma olduğunu qeyd etmişlər.
Konfransda İƏİT/OECD-nin və Xabın birgə araşdırması olan Qazaxıstan dövlət qulluğunda islahatlar və ABŞ-ın və region ölkələrinin timsalında dövlət qulluqçularının əmək haqqı sisteminin ödənilməsi sahəsində trendlər barədə təqdimatlar edilmişdir.
Ekspertlərin iştirakı ilə Xab çərçivəsində ilk dəfə mühazirələr seriyası (Hub Talks) təşkil edilmişdir.
Qeyd edək ki, hazırda Regional Xabın Amerika, Avropa İttifaqı, MDB, Qafqaz və ASEAN ölkələri daxil olmaqla 40 üzvü var.