2020-ci il 16 oktyabr tarixində Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı (ŞT) proqramının “Demokratiya, Yaxşı İdarəçilik və Sabitlik” adlı Platforması çərçivəsində ŞT-nın Dövlət İdarəçiliyi İslahatları panelinin onlayn formatda 18-ci görüşü keçirilib.
Görüşdə Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin əməkdaşları Vəli Hüseyn, Pərviz Kazımov və Günel Məmmədova, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Nəzrin Əliyeva iştirak ediblər.
Tədbirdə DİM nümayəndəsi Vəli Hüseyn pandemiya şəraitinin tələblərinə əsasən imtahanların təşkili, dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə onlayn müsahibələrin keçirilməsi, "ProctorDİM" adlı xüsusi proqram təminatı ilə yanaşı DİM-in Aİ ilə SIGMA, TAIEX əməkdaşlıq alətləri çərçivəsində həyata keçirdiyi fəaliyyət haqqında məlumat verib.
DİM əməkdaşı, həmçinin 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun mövqelərini, eləcə də cəbhə xəttindən xeyli aralıda yerləşən yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində DİM-in Gəncə, Bərdə və Şəmkir regional bölmələrində dövlət qulluğuna qəbul üzrə onlayn müsahibələrin keçirilməsində narahatlıq yarandığını vurğulayıb. Ermənistan tərəfindən iştirak edən nümayəndənin bu qeydə müdaxilə etmə cəhdi olsa da, digər yerli iştirakçılar və təşkilatçılar tərəfindən bu kimi müdaxilələrin edilməməsi və daha konstruktiv mövqe nümayiş etdirilməli olduğu diqqətə çatdırılıb.
Tədbirin təşkilatçıları Azərbaycan nümayəndə heyətinin tədbirə verdiyi töhfəni yüksək qiymətləndirib və ŞT çərçivəsində növbəti tədbirə ev sahibliyi etmə təşəbbüsünə görə təşəkkür edib.