Tədbirdə ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, Dövlət İmtahan Mərkəzinin sektor müdirləri Əlişirin Şükürov və Tural Əlizadə, Dövlət qulluğu üzrə sektorun məsləhətçisi Pərvanə Taliyeva və universitetin yuxarı kurs tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə universitetin prorektoru E.Aslanov açıb. Xatirə Hüseynova Bilik Fondunun fəaliyyətindən bəhs edərək gəncləri maarifləndirici layihələrdən faydalanmağa çağırıb, eyni zamanda qeyd edib ki, ali təhsilini başa vuran gənclər dövlət qulluğu haqqında zəruri məlumatlara malik olduqları halda, bu məlumatların gələcəkdə onların əmək fəaliyyətini müəyyənləşdirməsində müəyyən səmərəsi ola bilər.
DİM-in əməkdaşı Əlişirin Şükürov çıxış edərək dövlət qulluğunda çalışmağın üstünlüklərindən, dövlət qulluğuna işə qəbul olunmaq istəyən şəxslərə elmi metodik və texniki köməklik məqsədi ilə DİM tərəfindən mütəmadi olaraq həyata keçirilən tədbirlərdən söz açıb, dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı və müsahibə mərhələləri, onların keçirilmə qaydaları, test imtahanının məzmunu, imtahanda yoxlanılan bilik sahələri üzrə proqramlar haqqında ətraflı məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.