Qurultayda iştirak edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təqdimatla çıxış etmişdir. Qurultayın ölkəmizdə təhsil sisteminin inkişafına mühüm töhfələr verəcəyini vurğulayan M.Abbaszadə qeyd etmişdir ki, Dövlət İmtahan Mərkəzi imtahanların təşkili və keçirilməsində yüksək keyfiyyətə məhz müəllimlərlə yaxından əməkdaşlıq nəticəsində nail olur. Müəllimlər imtahanların məzmununun formalaşdırılmasından, nəticələrin yoxlanmasına qədər bütün mərhələlərdə yaxından iştirak edirlər. Müxtəlif təyinatlı imtahanların keçirilməsində bir sıra dövlət orqanlarının nüməyəndələri ilə yanaşı, müxtəlif tədris müəssisələrindən olan on minlərlə müəllim də DİM-in əməkdaşları ilə çiyin-çiyinə fəaliyyət göstərir. Belə ki, il ərzində imtahanların idarə olunmasına 48 000-dən artıq mütəxəssis cəlb olunmuşdur. Bu ilki imtahan kampaniyasında nəzarətçi qismində fəaliyyətinə görə 1072 nəfər müəllim təşəkkür məktubu ilə, 29 nəfər müəllim isə fəxri fərmanla təltif edilmişdir.
Sədr həmçinin diqqətə çatdırmışdır ki, Mərkəz də eyni zamanda tədris prosesində müəllimlərə dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirir. Yeni tədris proqramı üzrə qiymətləndirmə tapşırıqlarının nəşr olunması, şagirdlərin bilik səviyyəsini yoxlamaq üçün orta məktəb mövzuları üzrə onlayn imtahanların keçirilməsi, onlayn dərslərin təşkil olunması, təcrübəli ekspertlərin video mühazirələri, onlayn elmi-metodiki seminarlar bu tədbirlərin bir hissəsidir.