29 noyabr 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində “Avropa İttifaqı üzv dövlətlərinin dövlət qulluğu ilə bağlı təcrübələri: işə qəbul, qulluqda yüksəliş, xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda təlim təşkil olunub.
Təlim zamanı texniki yardım layihəsinin qrup rəhbəri, litvalı ekspert Edvardas Zukauskas Avropa İttifaqına üzv dövlətlər – Litva, İrlandiya və Portuqaliyanın dövlət qulluğuna qəbul zamanı uğurlu iş təcrübələrini iştirakçılarla bölüşüb.
Ekspertin təqdimatında, həmçinin səriştəyə əsaslanan vəzifə funksiyalarının hazırlanması, seçim prosesində səriştələrdən istifadə, işçi qüvvəsi və ehtiyat kadrların planlaşdırılması və s. məqamlar yer alıb.
Dörd saat davam edən və 35 nəfərin iştirak etdiyi tədbirdə bir sıra dövlət qurumlarının insan resursları şöbələrinin rəhbər və icraçı işçiləri, DİM əməkdaşları, eləcə də müstəqil ekspertlər iştirak ediblər.
Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək" 2022-2023 texniki yardım layihəsi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.