10 sentyabr 2022-cil il tarixində Dövlət İmtahan Mərkəzində Kembric ingilis dili üzrə “Young Learners” imtahanının iştirakçılarına beynəlxalq sertifikatların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə 2 iyul 2022-ci il tarixində keçirilmiş “Young Learners” imtahanının 10 azyaşlı iştirakçısı və onların valideynləri iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olmuş və maraqlı müzakirə etmək imkanı əldə ediblər.
Görüşdə çıxış edən DİM-in Strateji inkişaf şöbəsinin müdiri və Kembric imtahanları üzrə meneceri Vəli Hüseyn “Young Learners” imtahanlarının faydalılığı, erkən yaşlardan imtahanlarda iştirakın vacibliyini vurğulayıb və nəticələrin növbəti səviyyə üzrə imtahanlara hazırlığın başlanğıcı kimi qiymətləndirməyi tövsiyə edib. Tədbirdə iştirak edən valideynlər imtahana hazırlığın müddəti ilə bağlı təcrübələrini paylaşmaqla yanaşı, sertifikatların təqdimetmə mərasiminin uşaqlar üçün motivasiya edici əhəmiyyətini təşkilatçıların diqqətinə çatdırıblar.
Qeyd edək ki, “Young Learners” kvalifikasiya imtahanları azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir uşaq imtahan verdikdən sonra “Cambridge University Press and Assessment” qurumu tərəfindən dünya miqyasında tanınan sertifikatla təmin edilir. Bu beynəlxalq sertifikat növbəti sertifikatların əldə olunmasını asanlaşdırır.
Xatırladaq ki, DİM “Cambridge Assessment English”in rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Assessment (Cambridge İngilis dili üzrə Qiymətləndirmə)”, “Cambridge English Teaching (Cambridge İngilis dili üzrə Tədris)” və “LinguaSkill” imtahanlarını da təklif edir. Kembric İngilis dili Kvalifikasiyaları üzrə imtahanlar barəsində ətraflı məlumatı verilmiş keçiddən əldə edə bilərsiniz.