25 oktyabr 2023-cü il tarixində DİM-də Kembric imtahanları üzrə hazırlıq mərkəzi olan “Müasir İnnovasiyalar Liseyi” ümumitəhsil məktəbinin şagirdlərinə “Young Learners” imtahanının beynəlxalq sertifikatlarının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə 24 iyun 2023-cü il tarixində keçirilmiş “Young Learners” imtahanının iştirakçıları ilə yanaşı məktəbin rəhbərliyi və müəllimləri də iştirak ediblər.
Tədbirdə çıxış edən DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Young Learners” imtahanlarının faydalılığını, erkən yaşlardan imtahanlarda iştirakın vacibliyini vurğulayıb və nəticələrin növbəti səviyyə imtahanlarına hazırlığın başlanğıcı olaraq çox önəm daşıdığını qeyd edib. Daha sonra çıxış edən DİM-in Kembric imtahanları üzrə ümumi koordinatoru Elnarə Tağıyeva 2021-ci ildən etibarən Kembricin müxtəlif səviyyələri üzrə keçirilən imtahanlarında namizədlərin iştirak statistikası haqqında məlumat verib, eyni zamanda şagirdləri nailliyətlərinə görə təbrik edib.
“Müasir İnnovasiyalar Liseyi” ümumitəhsil məktəbinin hazırlıq mərkəzi aktiv fəaliyyətinə görə Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə tərəfindən yüksək qiymətləndirilib və mərkəz sertifikatla təltif olunub. Sertifikatı Kembric İmtahan Rəhbəri Günay Hacılı “Müasir İnnovasiyalar Liseyi” ümumitəhsil məktəbinin müdir müavini Səbuhi Dadaşova təqdim edib. Həmçinin sonda butün imtahan iştirakçılarına sertifikatları təqdim olunub.
Qeyd edək ki, “Young Learners” kvalifikasiya imtahanları azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir şagird imtahan verdikdən sonra Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən dünya miqyasında tanınan sertifikatla təmin edilir. Bu beynəlxalq sertifikat növbəti səviyyə imtahanlarının sertifikatlarının əldə olunmasını asanlaşdırır.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi Kembricin rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) və LinguaSkill imtahanlarını təklif edir. Kembric İngilis dili Kvalifikasiyaları üzrə imtahanlar barəsində ətraflı məlumatı verilmiş keçiddən əldə edə bilərsiniz.