Panelimizdə maraqlı müzakirələr aparılır. İştirakçılar dövlət qulluğunda qiymətləndirmə sahəsində öz ölkələrinin təcrübələrini bölüşürlər.
Bu sözləri IAEA-nın “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusuna həsr olunan 45-ci illik konfransı çərçivəsində keçirilən “Astana Dövlət Qulluğu üzrə Regional Xab tərəfindən dəstəklənən dövlət qulluğu” panelinin moderatoru, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib. O bildirib ki, paneldə müxtəlif ölkələrdən olan mütəxəssislərin dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsinin həyata keçirilməsinə dair məruzələri dinlənilir, fikir mübadiləsi aparılır.
“Dövlət qulluğunda qiymətləndirmə çoxşaxəli prosesdir. Dünyada müxtəlif qiymətləndirmə üsullarından istifadə olunur. Ümumiyyətlə qiymətləndirmədə hər ölkənin öz sistemi var. Panelimizdə iştirak edən xarici ölkə nümayəndələri ilə təcrübələrimizi bölüşürük. İnanıram ki, iştirakçılar müzakirələrimizdən, təqdim olunan məruzələrdən faydalı nəticələr əldə edəcəklər”, - deyə Bəhram Xəlilov qeyd edib.
Xatırladaq ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib.
Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.