3 iyun 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir. Bu gün həmçinin I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə də imtahan keçirilir.
İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunur.
İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda 62 imtahan binası, 1111 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 62 ümumi imtahan rəhbəri, 183 imtahan rəhbəri, 1387 nəzarətçi–müəllim, 189 buraxılış rejimi əməkdaşı, 62 bina nümayəndəsi ayrılıb.
İmtahanda 14683 (IV qrup 5576, I qrup – informatika 9107) abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 12942 (IV qrup 4774, I qrup – informatika 8168) nəfər Azərbaycan, 1741 (IV qrup 802, I qrup – informatika 939) nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 7108 nəfəri oğlan, 7575 nəfəri isə qızdır. 13206 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 1297 nəfər əvvəlki illərin məzunudur. 25 nəfər ali təhsil müəssisələrinin, 155 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 93 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1971-ci ildən, ən gənci isə 2007-ci ildəndir.
İmtahanda 18 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil 26 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.