23 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir. Bu gün həmçinin I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə də imtahan keçirilir.
İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Lənkəran, Cəlilabad və Xaçmazda təşkil olunur.
İmtahan saat 10:00-da başlanıb.
İmtahan keçirilən şəhər və rayonlarda 53 imtahan binası, 957 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 53 ümumi imtahan rəhbəri, 158 imtahan rəhbəri, 1192 nəzarətçi–müəllim, 164 buraxılış rejimi əməkdaşı, 53 bina nümayəndəsi ayrılıb.
İmtahanda 12617 (IV qrup 4752, I qrup – informatika 7865) abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 11150 (IV qrup 4054, I qrup – informatika 7096) nəfər Azərbaycan, 1467 (IV qrup 698, I qrup – informatika 769) nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 6058 nəfəri oğlan, 6559 nəfəri isə qızdır. 11531 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 1086 nəfər əvvəlki illərin məzunudur. 22 nəfər ali təhsil müəssisələrinin, 89 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 74 abituriyent xarici ölkələrin vətəndaşıdır.
İmtahanda 21 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil 16 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.