Bu gün Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonlarında, Gəncə (II hissə), Sumqayıt (I hissə) şəhərlərində, Abşeron (I hissə), Ağdaş, Beyləqan, Cəlilabad (I hissə), Füzuli, Göyçay (I hissə), Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz (I hissə), Qəbələ, Qobustan, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, Zəngilan rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.
İmtahanda 48049 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 21 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edir. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 201 imtahan binası, 3582 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 567 imtahan rəhbəri və ümumi rəhbər, 4483 nəzarətçi-müəllim, 663 buraxılış rejimi əməkdaşı (mühafizə), 201 bina nümayəndəsi ayrılıb.
İmtahan saat 11:00-da başlanır.
İmtahanının başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).