2 iyun 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.
İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunur.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 149 imtahan binası, 2657 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 149 ümumi imtahan rəhbəri, 436 imtahan rəhbəri, 3312 nəzarətçi, 467 buraxılış rejimi əməkdaşı, 149 bina nümayəndəsi cəlb olunub.
İmtahanda 35966 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 32164 nəfər Azərbaycan, 3802 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 20887 nəfəri oğlan, 15079 nəfəri isə qızdır. 31404 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 4562 nəfər əvvəlki illərin məzunudur. 89 nəfər ali təhsil müəssisələrinin, 562 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 149 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1966-ci ildən, ən gənci isə 2008-ci ildəndir.
I ixtisas qrupu üzrə 30058, IV ixtisas qrupu üzrə isə 5908 abituriyent imtahan verir.
İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edir. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla 30 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
İmtahan başa çatandan sonra imtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) doğru cavab etalonları və izahı Mərkəzin saytına yerləşdiriləcək.