7 iyul 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir. Həmçinin I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan da keçirilir.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunur.
İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 195 imtahan binası, 3559 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 195 ümumi imtahan rəhbəri, 587 imtahan rəhbəri, 4454 nəzarətçi, 639 buraxılış rejimi əməkdaşı, 195 bina nümayəndəsi cəlb olunub.
İmtahanda 47520 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 42888 nəfər Azərbaycan, 4632 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 21494 nəfəri oğlan, 26026 nəfəri isə qızdır. 41307 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6213 nəfər əvvəlki illərin məzunudur. 88 nəfər ali təhsil müəssisələrinin, 1017 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 168 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2009-cu ildəndir.
İmtahanda 89 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edir. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla 32 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
İmtahan başa çatandan sonra imtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) doğru cavab etalonları və izahı Mərkəzin saytına yerləşdiriləcək.