26 may 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 200 imtahan binası, 3644 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 200 ümumi imtahan rəhbəri, 594 imtahan rəhbəri, 4539 nəzarətçi, 646 buraxılış rejimi əməkdaşı, 200 bina nümayəndəsi cəlb olunub.
İmtahanda 48978 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 44353 nəfər Azərbaycan, 4625 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 20446 nəfəri oğlan, 28532 nəfəri isə qızdır. 41543 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 7435 nəfər əvvəlki illərin məzunudur. 98 nəfər ali təhsil müəssisələrinin, 1425 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 181 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2009-cu ildəndir.
İmtahanda 64 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edir. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla 42 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
İmtahan başa çatandan sonra imtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) doğru cavab etalonları və izahı Mərkəzin saytına yerləşdiriləcək.